![](https://teleqraf.az/storage/2025/02/07/715x378/gules_1.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Xorvatiyada keçrilən güləş üzrə “Zaqreb Open” reytinq turnirində fevralın 6-da 3 güləşçimiz mübarizə aparıb.
Teleqraf xəbər verir ki, sərbəst güləş üzrə yığmanın 92 kq-da çıxış edən üzvləri fəxri kürsüyə qalxıb.
Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıblar. Abubakra 6:5 hesabıyla qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kq) macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.