![](https://teleqraf.az/storage/2025/02/06/715x378/475593225_1177307411063411_3201854828557648832_n.jpg)
BAKI, 6 fevral. TELEQRAF
Xorvatiyanın paytaxtında güləş üzrə "Zaqreb Open" adlı ilin ilk reytinq turniri davam edir.
Teleqraf xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan təmsilçilərindən sərbəst güləşçilərin mübarizəsi davam edib.
92 kq-da Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib.
Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabıyla qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpey ilə qarşılaşacaq. Abakarov isə slovakiyalı Boris Makoyevlə bürünc medal uğrunda mübarizə aparacaq.
Qadınlar arasında 55 kq çəki kateqoriyasında Elnurə Məmmədova macarıstanlı Gerda Terekə 13:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub - 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gələcək.
Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da başlayacaq.