BAKI, 27 oktyabr. TELEQRAF

“Çox təəssüf ki, uzun illər dövlət rəhbərliyində çalışmış bir şəxsin belə bir məktubu üzə çıxıb. Təbii ki, hüquqi müstəvidə müvafiq addımlar atılır və onun əməllərinə qiymət veriləcəkdir”.

Bunu Teleqraf-a açıqlamasında millət vəkili Azər Badamov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktubu şərh edərkən bildirib.

Azər Badamov Ramiz Mehdiyevin əməllərini dövlətə və xalqa xəyanət adlandırıb:

“Cənab Prezidentin sayəsində Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır, nüfuzu artır. Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyulub. Bir neçə gündən sonra Zəfərimizin 5 illiyini qeyd edəcəyik. Azərbaycan bundan sonra da güclənəcək və xalqımız sülh və firəvanlıq içində yaşayacaqdır”.

Azər Badamov Ramiz Mehdiyevin 87 yaşında dövlət çevrilişi fikrinə düşməsinə təəccübləndiyini bildirib:

“Hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik. Onun əməllərinə hüquqi qiymət veriləcək və layiqli cəzasını alacaqdır. Ramiz Mehdiyevin əməlləri çox təəccüb doğurdu. Dövlət rəhbərliyində uzun müddət çalışmış bir şəxsin belə bir hərəkət etməsi gözlənilməz idi. Dövlət başçımız onu ali mükafatla təltif edib, böyük hörmətlə yola salmışdı. O isə nankorluq etdi”.

Qeyd edək ki, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.