BAKI, 30 iyul. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sərəncama əsasən, Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, sərəncam 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə imzalanıb.