BAKI, 11 iyul. TELEQRAF
Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Həmçinin digər Fərmanla Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq olunub.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin (bundan sonra – Sistem) formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görəcək.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun 11.8-ci maddəsi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.