
BAKI, 28 fevral. TELEQRAF
Bu gün Sumqayıtın yaddaşında dərin iz qoyan o qanlı hadisələrdən 37 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə bu şəhərdə baş verənlər Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmaq üçün təşkil olunmuş böyük təxribat idi. O dövrdə Sovet İttifaqının müxtəlif şəhərlərində sosial gərginlik artsa da, Sumqayıtda yaşananlar heç də təsadüfi sayılmırdı. Sonradan bu hadisələr Azərbaycanı ittiham etmək və Ermənistanın “Dağlıq Qarabağ"dakı separatçı siyasətinə haqq qazandırmaq üçün istifadə ediləcəkdi. Rəsmi məlumatlara əsasən, bu hadisələr əvvəlcədən planlaşdırılmışdır. Süni şəkildə alovlandırılan bu atəşin kölgəsi illər boyu davam edəcəkdi. On beşdən çox müxtəlif millətin yaşadığı Sumqayıtda təqribən, 18 min etnik erməni yaşayırdı. 1988-ci ilin fevralına qədər şəhərdə etnik zəmində hər hansı bir qarşıdurma müşahidə edilməmişdi. Fevralın 27-də axşam saatlarında şəhərdə kütləvi iğtişaşların başlaması üçün göstərişlər verilməsi bəlli məqsədlərə xidmət edirdi.
Azərbaycan və erməni icmaları arasında baş verən qarşıdurmalar sürətlə böyüyürdü. Məlumatlara görə, ixtişaşlar zamanı öldürülən 32 nəfərdən 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Bundan əlavə, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almış, şəhərdə yerləşən 200-dən çox mənzil və ictimai obyektə ciddi ziyan dəymişdi. Həmçinin 50-dən çox avtomobil yandırılmaqla, yüzlərlə ailə evlərini tərk etməyə məcbur qalmışdı...
Hadisələrdə planlı təxribat izləri
Bu qarışıqlıqdan dərhal sonra Sovet İttifaqının rəsmi qurumları baş verənləri Azərbaycan xalqının əleyhinə istifadə etməyə başladılar. Hələ o zaman faktlar göstərirdi ki, bu hadisələr əvvəlcədən hazırlanmaqla məqsədyönlü şəkildə həyata keçirilməliymiş. O gün şəhərdə cərəyan edən hadisələr, əslində, daha böyük bir planın ilk ssenarisi idi - xalqın iradəsini sarsıtmaq, Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə günahkar obrazında təqdim etmək üçün qurulmuş bir teatr tamaşası...
Aparılan istintaq və araşdırmalar nəticəsində hadisələrin təbii bir iğtişaş deyil, sistemli şəkildə planlaşdırılmış təxribat olduğu sübuta yetirildi. Azərbaycan Baş Prokurorluğunun istintaq materiallarına əsasən, hadisələrdən bir neçə gün əvvəl Sumqayıtda yaşayan erməni əsilli şəxslərin bir qismi bank hesablarını boşaldaraq şəhəri tərk ediblər. İğtişaşları təşkil edən qruplar xüsusən kriminal keçmişi olan şəxslərdən ibarət idi. Müəyyənləşdirilib ki, qətllər və talanlar erməni əsilli Eduard Qriqoryanın rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib. Bu zat əvvəllər iki dəfə məhkum edilmiş cinayətkar keçmişi olan biri idi. O, Sumqayıt hadisələri zamanı ən azı 5 erməni sakini şəxsən qətlə yetirərərk, 8 erməni qadına qarşı seksual zorakılıq hərəkətləri də etmişdi. Ən maraqlısı isə odur ki, hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov təqsirli bilinərək güllələndi. Bu azmış kimi, olaylardan sonra bir çox azərbaycanlı həbs edildi və ya cəzalandırıldı, Qriqoryan isə Ermənistana ekstradisiya olundu. O, 12 illik həbsə məhkum edildikdən bir neçə il sonra azadlığa buraxıldı. Hadisələri kimin təşkil etdiyi bəlli idi, lakin ədalət anlayışı o dövrdə gücün maraqları qarşısında sönən bir şam işığına çevrilmişdi.
Məhkəmə prosesi və hüquqi nəticələr
Sumqayıt hadisələri ilə bağlı aparılan istintaq nəticəsində 92 nəfər uzun müddətli həbs olunub, 1 nəfər isə ölüm hökmünə məhkum edilib. Hadisələrdə təqsirləndirilən digərləri müxtəlif müddətli həbs cəzaları alıblar. Lakin bu məkrli olayın əsl təşkilatçılarının məsuliyyətə cəlb olunmaması məhkəmə prosesini qərəzli və birtərəfli olmasını göstərir. Hadisələrin əsas provokatorlarından olan Eduard Qriqoryan tezliklə azadlığa buraxılıb, digər erməni iştirakçılar isə ya istintaqdan yayınıb, ya da çox yüngül cəzalar alaraq canlarını qurtarıblar. SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Prezident İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi.
Beləcə, Sumqayıt hadisələri yalnız şəhərin küçələrində deyil, məhkəmə zallarında da sınağa çəkildi – lakin ədalət burada deyil, tarixdə öz həqiqi hökmünü verməli oldu. Hadisələrdən sonra Sumqayıt qırğınları barədə Sovet və Qərb mətbuatında yayımlanan materiallar əsasən erməni təbliğatına xidmət edirdi. Xüsusilə, beynəlxalq KİV-lər hadisələri "Azərbaycanlıların ermənilərə qarşı soyqırımı" kimi təqdim etməyə çalışırdılar. Halbuki, həmin dövrdə Ermənistanda azərbaycanlılara qarşı baş verən qətliamlar, deportasiyalar və insan haqları pozuntuları barədə demək olar ki, heç bir məlumat verilmirdi.
Azərbaycanın informasiya blokadasında olması, tarixi faktların təhrif edilməsi və beynəlxalq mediada birtərəfli mövqenin yayılması Sumqayıt hadisələrinin əsl mahiyyətinin gizlədilməsinə səbəb oldu. İnformasiya müharibəsində uduzulan hər mövzu, gələcəyin taleyində yeni bir zəncir həlqəsinə çevrildi.
Mediada Sumqayıt hadisələrinin qərəzli təqdimatı
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan etiraf edirdi ki, Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu. Süni arapozanlıqla Ermənistan-Azərbaycan münaqişəsini daha pis səmtə körükləyirdilər. Bu işin arxasında duranlar müəyyən mənada məqsədlərinə nail ola bildilər. Hadisələrin baş verməsindən sonra erməni separatizmi daha da gücləndi və “Dağlıq Qarabağ”dakı vəziyyət məcrasından çıxaraq, gərginləşdi. Ermənistan hələ o zamanlar Moskvanın diktəsi ilə diversiya-pozuculuq müstəvidə deyil, informasiya və ideoloji səviyyədə də münqaişələr yaradırdı. Rusiya və Ermənistan mətbuatı beynəlxalq ictimaiyyətin diqqətini hadisələrə yönəltməklə, Azərbaycanı gözdən salmağa çalışır, ustalıqla caşqınlıq yaradırdı. Eyni zamanda “Pravda", "İzvestiya" və digər nüfuzlu qəzetlər prosesləri birtərəfli şəkildə işıqlandıraraq, azərbaycanlıları zorakılıqda ittiham edirdi. Amerikalı məşhur politoloq Pol Qobl erməni mətbuatına müsahibəsində baş verənlərlə bağlı bildirmişdi ki, Sumqayıt hadisəsi Azərbaycan xalqının erməni xalqına qarşı törətdiyi cinayət deyil, DTK-nın (SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi) təhriki ilə törədilən cinayətdir.
Sumqayıt hadisələrinin nəticələri göstərdi ki, informasiya müharibəsində Azərbaycan uzun illər geridə qalmaqla, həqiqətlərin dünyaya çatdırılmasında ciddi çətinliklərlə üzləşir. Elə bunun nəticəsi idi ki, erməni provokatorları məsuliyyətdən yayına bildilər və azərbaycanlılar müəyyən cəzalara məruz qaldılar. Gedişatdan aydın idi ki, beynəlxalq ictimaiyyətin rəyi, xüsusən də Sovet İttifaqı dövründə məlumatın təhrifindən asılı olaraq formalaşır. Təxribatlar təkcə şəhər küçələrində deyil, eyni zamanda informasiya müharibəsində də baş verirdi. Tarixi təhrif etməyə və öz maraqlarını həyata keçirməyə çalışan qüvvələrə qarşı mübarizədə, həqiqəti göstərmək və düzgün məlumat vermək vacib idi. Sumqayıt hadisələri bir daha sübut etdi ki, bu tarixi olayı düzgün təqdim etmək yalnız daxili deyil, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, bu, o zamanlar mümkün olmasa da, illər sonra gerçəklər ortaya çıxdı və biz dövlət olaraq həqiqətə işıq tutmağı bacardıq.
Hadisənin tarixi nəticəsi
Bu həqiqəti dünya ictimaiyyətinə düzgün təqdim etmək, xalq olaraq bizim üçün oluduqca önəmli idi. Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün informasiya müharibəsində fəal iştirak etmək vacib idi. Həmin ərəfədə az da olsa, gerçəkliyi - haqq səsimizi müəyyən qədər dünyaya duyura bildik. Əgər həmin dövrdə Sumqayıt hadisələri barədə düzgün məlumatlar yayılmasaydı, beynəlxalq ictimaiyyətin rəyi daha çox təhrif olunardı. Bununla belə, məlum tarixin təhrif olunmasına qarşı mübarizə hələ də davam edir. Bu hadisələrin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, tarixi faktların qorunması və erməni təbliğatının ifşa edilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Yaşadıqlarımızdan dərs çıxarmaq və gələcəkdə bu cür təxribatların qarşısını almaq üçün bu kimi tarixi həqiqətləri dünyaya çatdırmalı, informasiya müharibəsində aktiv iştirak etməliyik. Çünki tarix unutqanları bağışlamır, həqiqət isə nə qədər gec olsa da, öz yerini tapır.
Elə Sumqayıtın taleyinə yazılan o qaranlıq günlər də ədalət sorağında səssizcə danışan bir tarixdir...