BAKI, 12 iyun. TELEQRAF

Hacıqabul rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üçün 320 hektar torpaq sahəsi ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 320 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Sənədə görə, ayrılmış ərazidə qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının inşası nəzərdə tutulur.

Energetika Nazirliyinə həmin ərazidə elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək tapşırılıb.

Qərarda həmçinin qeyd olunub ki, günəş elektrik stansiyasının tikintisinə icazə müəyyən olunmuş müddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun qaydada alınmalıdır. Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.