BAKI, 3 iyun. TELEQRAF
“Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təqaüdlərin ödənilməsi qaydalarına aşağıdakı mühüm dəyişikliklər edilib və səlahiyyət bölgüsü dəqiqləşdirilib:
Qaydalara əlavə edilən yeni bəndə görə, nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Digər bütün hallarda isə bu funksiyaları uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar yerinə yetirəcək.
Qaydaların bəzi bəndlərində redaktə xarakterli dəyişikliklər edilib, o cümlədən müvafiq yarımbənddə “himayə” sözü daha dəqiq hüquqi termin olan “himayəçilik” sözü ilə əvəz olunub.
Qərar imzalandığı gündən qüvvəyə minir.