BAKI, 8 oktyabr. TELEQRAF
Böyük Britaniyanın Yerusəlim şəhərindəki (Qüds) Baş Konsulluğunun binasından lövhə və yazılar götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Binadan “Britaniya Baş Konsulluğu” yazılmış lövhə sökülüb. Bununla belə, Britaniya bayrağı hələ də binanın üzərində dalğalanır.
“The Times” bundan əvvəl məlumat verib ki, İsrail oktyabrın 8-də Qüdsdəki Böyük Britaniya konsulluğunu bağlayacaq, amma britaniyalı diplomatları və ailə üzvlərini ölkədən çıxarmayacaq.
Oktyabrın 6-da “Reuters” bildirmişdi ki, Böyük Britaniya konsulluğun bağlanmasının qarşısını almaq məqsədilə İsraillə məxfi danışıqlar aparır. Ötən həftə Birləşmiş Krallığın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell bu məqsədlə İsrailə səfər edib. İsrail hakimiyyəti bu qərarı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinə görə Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq elan edib.
Sentyabrın 8-də Britaniya xarici işlər naziri Ed Milibənd Londonun İordan çayının qərb sahilində yerləşən yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoyduğunu açıqlamışdı. Sanksiya tədbirlərinin 2027-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur. Buna cavab olaraq İsrail Qüdsdəki Britaniya konsulluğunun 30 gün ərzində bağlanacağını bəyan etmişdi.