BAKI, 7 oktyabr. TELEQRAF
“Gürcüstan Brüsselin məsləhətlərinə qulaq assaydı, Rusiya ilə eskalasiyaya gedər və kağız üzərində dövlətə çevrilərdi”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.
“Düşünürəm ki, kağız üzərində namizəd ölkə olmağımız, kağız üzərində dövlət olmağımızdan daha yaxşıdır. Edilməli olan seçim budur. Əgər biz Brüsselin sözünə qulaq assaydıq, Gürcüstan bu gün bir çox səbəbdən yalnız kağız üzərində dövlət olardı. Əvvəla, əgər Brüsselin sözünə qulaq assaydıq və Rusiya ilə eskalasiyaya getsəydik, Gürcüstan da Moldova kimi iqtisadi cəhətdən zərər çəkərdi. Əgər Brüsselin sözünə qulaq assaydıq və Rusiya ilə eskalasiyaya getsəydik, Gürcüstanın Rusiya ilə yeni hərbi qarşıdurmaya daxil olması ehtimalı daha yüksək olardı və bu gün biz də Ukrayna kimi müharibə nəticəsində dağıdılmış ölkə olardıq”, - Papuaşvili bildirib.
Spiker əlavə edib ki, Gürcüstanın “yeganə günah”ı Brüsselin zərərli məsləhətlərini nəzərə almamasıdır.
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bundan əvvəl bəyan edib ki, Gürcüstan Aİ üzvlüyünə namizədi kimi yalnız kağız üzərində qalır və Tbilisinin Avropaya inteqrasiya yolunda Moldova və Ukrayna ilə eyni səviyyədə olmasını arzulayır.