BAKI, 1 sentyabr. TELEQRAF
“Putindən fərqli olaraq mən Köçəryana dözümlülük yox, sağlam düşüncə və siyasi yetkinlik arzulayıram ki, keçdiyi siyasi yolu yenidən nəzərdən keçirə və hakimiyyəti illərində alçaltdığı Ermənistan xalqından üzr istəyə bilsin”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lilit Stepanyan deyib.
“Robert Köçəryan baş vermiş siyasi qətllərə, “1 Mart” və “27 Oktyabr” hadisələrinə görə üzr istəməli və siyasətdən birdəfəlik getməlidir”, - deputat bildirib.
Stepanyanın sözlərinə görə, Köçəryanın Rusiyada Putinlə birgə biznesi var və onların dostluğu Ermənistana ancaq zərər vurub: “Bəs Köçəryan necə Putinin dostu oldu? Çünki o, Putinin bütün arzularını Ermənistanda həyata keçirib”.
Köçəryanın Ermənistan Baş naziri Nikol Paşinyanın millətin mənəvi dəyərlərini məhv etməsi və bunun qarşısı alınmasa, hamının türk dilini öyrənməli olacağı barədə fikrinə münasibət bildirən deputat söyləyib:
“Əgər Köçəryan dilləri bilməyi bu qədər pis hal hesab edirsə, niyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq Ermənistan-Türkiyə münasibətlərinə yenidən baxılmasını xahiş etmişdi? Hamımız Köçəryanın marallı sviterini və bundan bir-iki il sonra baş verənləri xatırlayırıq: taleyin köməyi, “JEK arayışı” ilə Ermənistan prezidenti oldu”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib. Rusiya lideri mesajında keçmiş həmkarına dözümlülük arzulayıb.
Robert Köçəryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə məhkəmənin qərarı əsasında iki aylıq həbs edilib.