BAKI, 26 avqust. TELEQRAF

Ermənistan ordusunun batalyonunun qərargah rəisi Çəmbərək yaxınlığında hərbçilərə yük maşınının vurması nəticəsində bir əsgərin öldüyü, daha 6 nəfərin yaralandığı cinayət işi çərçivəsində saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Yerli medianın yazdığına görə, hadisədən əvvəl hərbçilər arasında yeməkxanada münaqişə baş verib. Bundan sonra zabitin “tərbiyə məqsədilə” əsgərləri yol boyunca qaçışa göndərdiyi bildirilir. Qaçış zamanı hərbçiləri yük maşını vurub.

İstintaq Komitəsi saxlanılan şəxsin vəzifəsini rəsmi olaraq açıqlamayıb. Bir nəfər barəsində “vəzifə səlahiyyətlərini aşmaq və ya vəzifədən sui-istifadə” üzrə ictimai cinayət işi açılıb.