BAKI, 17 avqust. TELEQRAF

“Düşünürəm ki, Qarabağ məsələsinin Abxaziya ilə heç bir əlaqəsi yoxdur. Bu, Nika Qvaramiyanın qiymətləndirməsi deyil, bu ölkədəki problem İvanişvili və onun rejimidir ki, o, hətta işğalçılardan, separatçılardan və etniktəmizləmədə iştirak edən insanlardan da üzr istəyir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif, sabiq prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının üzvü İrakli Pavlenişvili deyib.

“Məsələni sanki problemin faktiki hökumətin yürütdüyü siyasət deyil, konkret müxalifət fiqurunun verdiyi açıqlama kimi təqdim etmək məsələnin təhrif edilməsidir. Qarabağ problemi və travmatik xatirələrin Abxaziya məsələsi ilə heç bir əlaqəsi yoxdur, bunlar tamamilə fərqli hekayələrdir. Bəli, onda razıyam ki, Avropa İttifaqına qoşulmaq və Qərbə inteqrasiya Gürcüstanın iqtisadi güclənməsi, o cümlədən ərazi bütövlüyünün bərpası üçün çox vacib prosesdir. Təkrar edirəm, müəyyən paralellərlə razı deyiləm , amma işğalçıdan üzr istəyən və tamamilə təslim olan siyasət yürüdən hökumətimizin olduğu durumda bu məsələlərə bu qədər vurğu etmək səhvdir”, - Pavlenişvili bildirib.

“Müxalifət Alyansı”nın liderlərindən biri Nika Qvaramiya bundan əvvəl “Formula” telekanalının efirində bildirmişdi:

“Paşinyana ona görə heyranam ki, o, travmaların öhdəsindən gəlməyi bacardı. Bu, Qarabağın təhvil verilməsi idi, elə deyilmi? Müharibə oldu, ardınca (müharibədə uduzduqdan sonra - red.) Ermənistan bəyan etdi ki, “məni bundan xilas edin, aparın”.

Xatırladaq ki, Ermənistan Nikol Paşinyan 44 günlük müharibə zamanı və ora qədər Qarabağın Azərbaycana məxsus olduğunu bildirməyib. Müharibədən təxminən iki il sonra Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, çox sonralar da bunun “Ermənistan üzərində yük” olduğunu bəyan edib. Ona qədər isə məsələyə Ermənistan dövlətinin işğalçı-separatçı konsepsiyası çərçivəsində baxıb. Bu mövqeyin dəyişib-dəyişmədiyi isə Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistan Konstitusiyasınında dəyişiklik edilib-edilməyəcəyi ilə məlum olacaq. Bu, yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının tələbidir.

Müharibə isə Nikol Paşinyanın “Qarabağ Ermənistandır” təxribatına və ora qədər 30 il davam edən işğala Azərbaycanın ən haqlı reaksiyası idi. Bu, Qarabağın Ermənistan tərəfindən Azərbaycana təhvil verilməsi prosesi yox, Ermənistanın davam edən işğalının və diplomatik həll prosesindən boyun qaçırmasının doğurduğu nəticəydi. Yekunda da Azərbaycan işğal edilmiş ərazilərini və ərazi bütövlüyünü bərpa etdi.