BAKI, 31 iyul. TELEQRAF

“Naurunun Gürcüstanın işğal altında olan Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrinin müstəqilliyini tanımasının ləğvi ilə bağlı qəbul etdiyi qərar düzgün və mühüm addımdır”.

Teleqraf xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının katibi və Tbilisi meri Kaxa Kaladze deyib.

Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyətinin əsas və ən mühüm prioritetlərindən biri işğal olunmuş ərazilərin geri qaytarılması, həmçinin abxazlar və osetinlərlə dinc birgəyaşayışın təmin edilməsidir.

“Düşünürəm, bu, düzgün və mühüm qərardır. Bu, Xarici İşlər Nazirliyimizin bütün istiqamətlər üzrə fəal fəaliyyəti ilə bağlıdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünün nə qədər vacib olduğunu ölkə daxilində hamı çox yaxşı bilir. Əlbəttə, bu istiqamətdə iş ölkə xaricində də davam etdirilməlidir. Təəssüflə qeyd etməliyik ki, ərazilərimizin bir hissəsi hələ də işğal altındadır və bu, ciddi çağırış olaraq qalır. Əsas və ən mühüm prioritetlərimizdən biri ərazilərimizi geri qaytarmaq, abxazlar və osetinlərlə birgəyaşayışa nail olmaq üçün əlimizdən gələni etməkdir. Gürcüstan hökuməti bunun üçün bütün mümkün addımları atır”, - Tbilisi meri vurğulayıb.

Qeyd edək ki, Nauru Nazirlər Kabineti bundan əvvəl “Nauru Respublikası ilə Cənubi Osetiya Respublikası arasında” və “Nauru Respublikası ilə Abxaziya Respublikası arasında” diplomatik münasibətlərin ləğv edilməsi barədə qərar qəbul edib.