BAKI, 29 iyul. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkədə elektrik enerjisi ilə bağlı problemlərin səbəbinin hakim “Gürcü Arzusu” partiyasının fəxri lideri, iş adamı Bidzina İvanişvilinin bitkoin layihələri olduğunu iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

Saakaşvili bildirib ki, sabiq prezident Eduard Şevardnadze dövründə isə elektrik enerjisinin olmamasının səbəbi Energetika Nazirliyinin o vaxtkı rəhbərliyinin elektriki Türkiyəyə satması olub:

“Şevardnadze dövründə də işıq yox idi. Çünki onun energetika nazirləri, o cümlədən ailəsinə çox yaxın şəxslərdən biri elektrik enerjisini Türkiyəyə satırdı. Vasitəçilər elektrik enerjisindən əldə olunan gəlirlərdə pay sahibi idilər. Onların arasında rusiyalı fırıldaqçı, oliqarx Çubays da vardı, Şevardnadzenin məmurları ilə birlikdə bu işdə iştirak edirdi.

İndi də işıq kəsilir və getdikcə daha tez-tez kəsiləcək. Çünki elektrik enerjisi İvanişvilinin bitkoinlərinə yönəldilir. Onlar Tbilisi şəhərinin istifadə etdiyindən daha çox elektrik enerjisi sərf edirlər. Bundan əlavə, elektrik enerjisinin idxalında vasitəçilər Uça Mamatsaşvili və Noqaidelidir.

Noqaidelini mənim əleyhimə keçirilən məhkəmə prosesində əsas şahid kimi gətirmişdilər. Eyni şəkildə Şevardnadzenin keçmiş mühafizə rəisi Sulxan Papaşvilini də. Onlar bu işdə pay sahibidirlər və buna uyğun olaraq elektrik enerjisi axınlarını idarə edirlər.

İvanişvili gürcüləri nə qədər çox alçaltsa, əhaliyə elektrik enerjisi vermək öhdəliyini bir o qədər az hiss edəcək və bir o qədər çox enerjini öz bitkoinlərinə yönəldəcək. Bax elə buna görə də səsimizi qaldırmalıyıq”.