BAKI, 6 iyun. TELEQRAF
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili sosial media hesabında bəyanat yayaraq ölkəsinin ciddi hərbi-siyasi təhlükə ilə üz-üzə olduğunu bildirib, xalqı hərəkətə keçməyə çağırıb.
Teleqraf xəbər verir ki, keçmiş dövlət başçısı Avropa İttifaqının (Aİ) Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başladığını xatırladıb.
O, vaxtilə bu prosesdə regionun lideri olan Gürcüstanın hazırkı hakimiyyətin şəxsi maraqlarına görə bu tarixi şansı itirdiyini vurğulayıb.
M. Saakaşvilinin sözlərinə görə, Rusiya rəhbərliyi Qərbin Qafqaza yolunu bağlamaq üçün Ermənistana hərbi müdaxilə etməyi planlaşdırır:
"Rusiya bu əməliyyat çərçivəsində Gürcüstanı da heç bir müqavimət olmadan tamamilə işğal edə bilər. Ölkənin xilas olması üçün təcili olaraq Türkiyə və Azərbaycanla müdafiə paktı imzalamaqdır, lakin rəsmi Tbilisinin mövcud rəhbərliyi buna getmir. Yaranmış vəziyyətdən yeganə çıxış yolu budur, sərhədlərdə Rusiyanın fəallaşması müşahidə olunan kimi xalq hazırkı idarəçiləri kənarlaşdırmalı, siyasi məhbusları azad etməli, müvəqqəti hökumət quraraq kömək üçün qonşu dövlətlərə və Avropaya müraciət etməlidir".