BAKI, 4 iyun. TELEQRAF
“Rusiyanın müəyyən Ermənistan mallarının idxalına qoyduğu qadağa və məhdudiyyətlər fonunda Avropa İttifaqı (Aİ) ölkəyə əlavə dəstək verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan ixracatçıları ilə görüş zamanı Aİ-nin İrəvandakı səfiri Vasilis Maraqos deyib.
Səfir qeyd edib ki, Ermənistan ixracatçıları və iş adamları ilə görüşün məqsədi Avropa İttifaqının ixrac bazarlarının şaxələndirilməsində onlara necə dəstək verə biləcəyi barədə fikirlərini dinləməkdir.
Maraqos xatırladıb ki, Aİ Ermənistanda özəl sektor üçün çoxsaylı dəstək proqramları həyata keçirib.
Rusiya Ermənistan mallarının idxalına məhdudiyyətlər tətbiq edir. Xüsusilə Ermənistan güllərinin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin və balıq məhsullarının Rusiyaya idxalı qadağan olunub. Meyvə, tərəvəz və digər kənd təsərrüfatı mallarının idxalına da məhdudiyyətlər qoyulub.