BAKI, 12 may. TELEQRAF
İrəvan Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində Rusiya əleyhinə sərt bəyanatlarını görməzdən gəlib.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.
“Şübhəsiz ki, Moskvada Brüsselin ilhamlandırdığı Zelenskinin İrəvana səfərini, onun anti-Rusiya xarakterli iyrənc hücumlarını nəzərə alıblar. Ermənistan isə bütün bunları israrla görməzdən gəlib”, - diplomat qeyd edib.
Kaluqinin sözlərinə görə, Ermənistanda Avropa Siyasi Birliyi və Ermənistan-Avropa İttifaqı sammitlərinin keçirilməsi parlament seçkiləri ərəfəsində erməni əhalisi üçün cəlbedici Avropa “ilğım”ı yaratmaq məntiqinə uyğundur:
“Bu baxımdan bir məqam diqqət çəkir. Ermənistan-Aİ sammitinin yekun bəyanatında Ermənistan üçün mümkün investisiya kimi 2,5 milyard avro qeyd olunur. Bu, Aİ-nin bir neçə il əvvəl də vəd etdiyi, amma indiyədək tapa bilmədiyi eyni məbləğdir. Avropalılar mövcud olmayan bir şeyi satmağa çalışırlar, bu, ilk dəfə deyil. Gözqamaşdırıcı “parıltı”nın arxasında isə bəyanatda respublikanın enerji təminatının əsas sütunlarından biri olan “Metsamor” AES-in istismardan çıxarılması istiqamətində birgə işin vacibliyinin qeyd olunması da diqqətdən yayınır.
Brüsseldə heç kim Ermənistanın maraqları barədə düşünmür. Ermənistan yaxın vaxtlara qədər Ukrayna böhranı məsələsində bərabər məsafəli mövqe tutmağa çalışırdı. Avropalılar isə İrəvanı da buna cəlb edə bildilər. Əslində ölkəni öz siyasi layihələri üçün əlverişli platformaya çeviriblər”.