BAKI, 11 may. TELEQRAF
Türkiyəli jurnalistlər Avropa Siyasi Birliyi Sammitində və “İrəvan Dialoqu” Forumunda iştirak etdikdən sonra sərhədyanı Gümrü şəhərinə səfər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Jurnalistlər Gümrü-Qars dəmir yolunun keçdiyi ərazisinə baş çəkib, xəttin bərpası perspektivlərini araşdırıb və nəzarət-buraxılış məntəqəsinin açılışı barədə məlumat alıblar.
Ermənistan-Türkiyə sərhədində Gümrüdəki “Asparez” Jurnalistlər Assosiasiyasının prezidenti Levon Barseqyanla görüşərək, sərhədin açılmasının vacibliyini müzakirə ediblər. Barseqyan bildirib ki, “Axurik” stansiyası Soyuq müharibə dövrü dəmir yolu şəbəkəsinin bir hissəsidir və Ermənistandan Türkiyəyə, oradan isə Avropaya gedən yolun son dayanacağıdır. Barseqyanın sözlərinə görə, bu xətt Asiya ilə Avropa arasında Orta Dəhlizin bir hissəsinə çevrilə bilər.
Həmçinin o, bu marşrutun SSRİ dövründə fəaliyyət göstərdiyini və 1992-93-cü illərdə bir il açıq qaldığını xatırladıb. Onun sözlərinə görə, sərhədin yenidən açılması iki ölkə arasında ticarətin və münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Barseqyan əlavə edib ki, bu, təkcə Türkiyə və Ermənistana deyil, həm də digər qonşu ölkələrə fayda verəcək.