BAKI, 11 may. TELEQRAF

“Litva Ermənistan-Azərbaycan sülh müqaviləsinin paraflanmasını və Ağ Evdə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə nəqliyyat əlaqələrinin bərpası sahəsində əldə edilən razılaşmaları alqışlayır”.

Teleqraf xəbər verir ki, bunu Litva xarici işlər nazirinin müavini Odra Plepite Ermənistan mediasına deyib.

Nazir bildirib ki, bu, onilliklərdir davam edən münaqişənin sona çatması istiqamətində böyük irəliləyişin əlaməti olan tarixi mərhələdir:

“İndi müqavilənin vaxtında imzalanması və təsdiqlənməsi, eləcə də üçtərəfli bəyannamədə göstərilən digər öhdəliklərin tam şəkildə yerinə yetirilməsi vacibdir. Sülh hər iki ölkəyə, onların xalqlarına və bütün Cənubi Qafqaz regionuna böyük fayda gətirəcək, institutsional və sosial inkişaflar üçün yeni imkanlar yaradacaq, insanlararası əlaqələri gücləndirəcək və nəqliyyat, ticarət və enerji layihələri vasitəsilə regional kommunikasiyanı yaxşılaşdıracaq.

Davamlı razılaşma həmçinin investisiyaları, iqtisadi artımı, regional sabitliyi və Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü rolunu artıra bilər.

İnkişaf edən əməkdaşlığın ümidverici əlamətlərini görürük: Azərbaycandan Ermənistana yanacaq tranziti, mümkün ticarət mübadiləsi ilə bağlı müzakirələr və sair buna sübutdur”.