BAKI, 29 aprel. TELEQRAF

“Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Moldova və ya Ukraynanın yolunu seçməyəcək, çünki bu, suverenlik və ərazinin itirilməsi yoludur”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Avropa İttifaqı, Brüssel və onların Gürcüstandakı peyklərinə deyirəm: Gürcüstanın yolu Ukrayna və ya Moldovanın Avropaya inteqrasiya yolu deyil. Gürcüstan heç vaxt Ukrayna və Moldovanın yolunu seçməyəcək, çünki bu, ərazi güzəştləri və ya dövlətçiliyin ləğvi yolu ilə Avropa İttifaqına üzvlük deməkdir”, - spiker vurğulayıb.

Gürcüstan parlamentinin sədri qeyd edib ki, Almaniya Kansleri Fridrix Merts əvvəllər Ukraynanın Aİ-yə inteqrasiyasını inkişaf etdirmək üçün ərazi güzəştlərinə getməli olacağını söyləyib. O əlavə edib ki, Moldova Prezidenti Maya Sandu da bu yaxınlarda Aİ üzvlüyünə ən sürətli yol kimi Rumıniya ilə birləşməyi dəstəklədiyini növbəti dəfə təsdiqləyib.

“Əgər Avropa İttifaqına üzvlük özlüyündə Moldova və Ukraynadan tələb olunduğu kimi, ərazi və dövlət suverenliyini qurban vermək məqsədi deməkdirsə, bizim belə bir məqsədimiz ola bilməz”, - Papuaşvili əlavə edib.