BAKI, 28 aprel. TELEQRAF
“Seçki rüşvəti verənlər də, alanlar da Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən həbs ediləcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Simonyan bildirib ki, seçki rüşvəti formasından - televizor, kabab, yerli-xarici valyuta və sairdən asılı olmayaraq, bu cinayətdə iştirak edənlər məsuliyyətinə cəlb olunurlar.
“Hüquq-mühafizə orqanları çox sərt hərəkət edəcək. Açıq-gizli və ya hansısa vasitə ilə danışmağınızdan, yazmağınızdan asılı olmayaraq, bu proses bizə məlum olacaq”.
Simonyan xaricdə rüşvət alanlar haqqında da danışıb, onların da məsuliyyətdən sığortalanmadığını vurğulayıb:
“Ermənistana çatanda sizi nəzarət-buraxılış məntəqəsində söhbətə dəvət edəcəklər, ona görə də sizdən Ermənistan seçkilərinə qanunsuz müdaxilə cəhdlərindən çəkinməyinizi xahiş edirəm”.
Xatırladaq ki, yerli mediada Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə göndərilə biləcəyi barədə məlumat yayılıb. Əsas hədəfin rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyana dəstəyin təmin edilməsi olduğu bildirilib. Artıq həmin partiyanın 10-dan çox üzvünə seçki rüşvəti vermək ittihamı ilə cinayət işi açılıb.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.