BAKI, 28 aprel. TELEQRAF

Ermənistan Baş nazir Administrasiyası sərhəddə yerləşən Ciliza kəndinin demarkasiya prosesi çərçivəsində Gürcüstana veriləcəyi barədə yayılan məlumatı təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan bildirib.

“Bəzi KİV-lərdə guya demarkasiya prosesi çərçivəsində Ermənistanın Alaverdi icmasına daxil olan Ciliza kəndini başqa ölkəyə verəcəyi barədə “məlumat” yayılıb. Ermənistan Respublikasının suveren ərazisinin hansısa hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı hansısa niyyət, plan və ya razılaşma haqqında istənilən bəyanat, fikir və ya “məlumat” reallığa uyğun ola bilməz. Buna görə də, əvvəllər olduğu kimi, bu cür məzmun daşıyan bütün iddiaları əsassız və uydurma olduqları üçün təkzib etmişik, edirik və edəcəyik”, - Baqdasaryan bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 27-də Gürcüstanla sərhədin demarkasiyasının yekunlaşdırılması məsələsinin hökumətin gündəliyində olduğunu açıqlamışdı.