BAKI, 27 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyi səfir Pavel Qerçinski ilə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili arasında baş tutan görüşlə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, açıqlamada Aİ-nin Gürcüstan üçün "qapılarının açıq olduğu" növbəti dəfə xatırladılıb.

Qeyd olunub ki, qurum rəsmi Tbilisini mövcud tarixi fürsəti əldən verməməyə çağırır:

"Avropa İttifaqı heç kimi öz ailəsinə daxil olmağa məcbur etmir. Gürcüstan hakimiyyətini hələ də mövcud tarixi fürsəti qaçırmamağa çağırırıq. Eyni zamanda hesab edirik ki, Aİ-yə üzvlük ölkə üçün sülh və rifahın ən yaxşı təminatıdır".

Xatırladaq ki, bundan əvvəl Maka Boçorişvili ölkəsinin Avropa İttifaqı tərəfindən göstərilən təzyiq və təhdidləri qəbul etməyəcəyini bəyan etmişdi.