BAKI, 27 aprel. TELEQRAF
Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ölkəsinin Avropa İttifaqı (Aİ) tərəfindən göstərilən təzyiqlərə və təhdidlərə boyun əyməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN rəhbəri Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ölkənin hansı yol seçməli olduğunu xalq tərəfindən seçilmiş hakimiyyət hamıdan yaxşı bilir:
"Bizdən, gürcülərdən və xalqın seçdiyi hakimiyyətdən başqa heç kim ölkənin hansı yolayrıcında olduğunu başa düşə bilməz. Hakimiyyət hansı yolu seçməli olduğunu hamıdan yaxşı hiss edir və bilir ki, bizə nə cəmiyyətin qütbləşməsi, nə də radikal gündəm lazımdır. Bizə nə qaranlıq keçmiş, nə də bu cür təhdidlər lazımdır".
M.Boçorişvili həmçinin vurğulayıb ki, Gürcüstanda Aİ-nin iddia etdiyi kimi heç bir repressiya mövcud deyil və parlament tərəfindən qəbul edilən bütün qanunlar ölkənin sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
O qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlərin hazırda çıxılmaz vəziyyətə düşməsinin yeganə səbəbi qarşı tərəfin nümayiş etdirdiyi davranışdır.