BAKI, 13 aprel. TELEQRAF

“Hazırda sülh prosesinə təsir edə biləcək əsas məsələlərdən biri iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir”.

Teleqraf xəbər verir ki, bunu Bakıya səfərdən qayıtdıqdan sonra İrəvanda keçirilən mətbuat konfransında Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Areq Koçinyan deyib.

“Əlbəttə, Azərbaycan tərəfi üçün Ermənistanda keçiriləcək parlament seçkilərində nə baş verəcəyi son dərəcə maraqlıdır. Çünki böyük ölçüdə sülh prosesinin gələcəyi məhz bu amildən asılıdır”, - o qeyd edib.

Həmçinin Koçinyan hesab edir ki, Ermənistan və Azərbaycan arasında kifayət qədər ciddi şəkildə formalaşmış sülhün müqavilə, hüquqi və siyasi bazası mövcuddur:

“Artıq sülh sazişi paraflanıb, imzalanmalı və ratifikasiya olunmalıdır. İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların nizamnamələri də ikitərəfli qaydada təsdiqlənib, bütün hüquqi prosedurlar keçilib, komissiyalar formalaşdırılıb və fəaliyyət göstərir. Kommunikasiya xətlərinin açılması ilə sənədlər də imzalanıb, söhbət TRIPP layihəsindən gedir. İki ölkənin hökumətləri arasında bir-biri ilə işləmək qabiliyyəti-bacarığı da formalaşıb.

İndi vacibdir ki, Ermənistanda seçkilərdə iştirak edən siyasi qüvvələr mənim qeyd etdiyim bu bütün bazaya necə mövqe bildirir və necə yanaşma göstərir. Çünki seçkilərdən sonra sülh və müharibə məsələləri faktiki olaraq Ermənistanda qalib gələn qüvvə tərəfindən müəyyən ediləcək”.

Xatırladaq ki, aprelin 10-12-də “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.