BAKI, 9 aprel. TELEQRAF
“Yeni Konstitusiyanın qəbul olunmasının yeganə yolu ümumxalq referendumunun keçirilməsidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
“Konstitusiyada istənilən dəyişiklik yalnız xalq tərəfindən edilə bilər. Hazırkı Konstitusiyaya əsasən, bəzi maddələr parlamentdə səsvermə yolu ilə də dəyişdirilə bilər”, - o vurğulayıb.
Baş nazir qeyd edib ki, hazırda onun komandası daxilində Konstitusiyanın müəyyən maddələrində dəyişiklik etmək səlahiyyətinin parlamentə verilib-verilməməsi ilə bağlı müzakirələr aparılır.
Ermənistan ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl yeni Konstitusiya layihəsinin ilkin versiyasının hazır olduğunu, amma hakim “Vətəndaş Müqaviləsi” Partiyasında müzakirə edilməli olduğunu açıqlamışdı.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.