BAKI, 7 aprel. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Orta Dəhlizdəki rolunu vurğulayıb, oxşar mövqe onun tərəfindən Münxen Təhlükəsizlik Konfransı və Davosda İqtisadi Forumunda da səsləndirilib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski deyib.

Onun sözlərinə görə, Gürcüstanın Asiyanı Avropa ilə birləşdirən bu layihədə əsas ölkələrdən biri olması faktdır.

“Təəssüf ki, Avropa İttifaqı (Aİ) bu məsələlərlə bağlı görüş keçirərkən və bütün Mərkəzi Asiya ölkələri dəvət olunduğu halda bu, nəzərə alınmayıb, Gürcüstana demoqrafik azalma olduğu və bu məsələdə iştirak edə bilməyəcəyi deyilib. Amma Avropa İttifaqına baxmayaraq, Prezident Əliyevin dilə gətirdiyi bu fakt dəyişmir, daimidir. Əsrlər boyu Gürcüstana qarşı müharibələr məhz onun əhəmiyyətinə görə aparılıb. Xüsusilə vurğulamaq vacib idi ki, bölgənin üç ölkəsi (Azərbaycan, Gürcüstan və Ermənistan) iqtisadi münasibətlərin bir-biri ilə əlaqəli olmasını təmin etmək üçün daha çox iş görüb və görəcək. Bu, sülhün qarantıdır, buna alternativ yoxdur”, - Giya Volski bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstanda dövlət səfərində olub.