BAKI, 23 mart. TELEQRAF
Ermənistan İrana əsasən dərman şəklində humanitar yardım göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Başqa cür ola da bilməzdi, təkcə bu an üçün yox, əsrlər, hətta minilliklər boyu, dövlətlərarası münasibətlərdən kənarda belə bu iki xalq dost olub. Bunu şeypur çalaraq bəyan etməyə ehtiyac görməmişik, amma soruşduğunuz üçün cavab verirəm”, - nazir parlamentdəki çıxışı zamanı qeyd edib.
Mirzoyan əlavə edib ki, Ermənistan-İran münasibətlərini de-yure strateji münasibətə çevirmək barədə iki ölkə arasında razılaşma əldə olunub:
“İkitərəfli münasibətlər uzun müddətdir strateji tərəfdaşlıq səviyyəsindədir, amma indi bunu de-yure strateji səviyyəyə qaldırmaq barədə razılığa gəlinib”.