BAKI, 18 mart. TELEQRAF

“Hazırda təqdim olunan yeni Konstitusiyanın mətnində ümumiyyətlə giriş hissəsi (preambula) yoxdur, halbuki Müstəqillik Bəyannaməsinə istinad məhz girişdə yer alır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbui Qalyan Müstəqillik Bəyannaməsi ilə bağlı hissənin yeni Konstitusiyanın mətnindən çıxarılıb-çıxarılmaması sualını şərh edərkən deyib.

“Preambula hissəsində ümumiləşdirilmiş məlumatları təqdim etməkdən yayındığımız təəssüratı yaratmasın. Mən həmişə bir şeyi qeyd edirəm: yeni Konstitusiyanın mətni preambula da daxil olmaqla, ictimaiyyətə açıq olacaq və ictimaiyyət orada yazılanları görə və qərar verə biləcək.

Hazırda müzakirələr davam edir. Konstitusiya adi qanun layihəsi deyil, bu, dövlətimizin hüquqi əsasını təşkil edir və bir müzakirə ilə yekun nəticəyə gəlmək mümkün deyil”, - o bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməli olduğunu açıqlayıb.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib.