BAKI, 10 mart. TELEQRAF

“Xarici Kəşfiyyat Xidməti xarici ölkədə Ermənistan vətəndaşlarına təzyiq və qarşıdan gələn seçki prosesinə müdaxilə ilə bağlı açıqlama yayıb. Bu açıqlama, şübhəsiz ki, ancaq Rusiyaya aiddir. Çünki bu istiqamətdə ondan başqa addım atan ölkə yoxdur”.

Teleqraf xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Mehrabyan deyib.

Ekspert hakimiyyətə iddiaları Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Sarukyanın Rusiyada ticarət və iqtisadi fəaliyyətlərlə məşğul olduqlarını vurğulayıb:

“Bu şəxslər təkcə Ermənistanda yox, həm də Rusiyada ayrı-ayrı insanlara təsir göstərə bilərlər. Ermənistan hökuməti və ya xarici kəşfiyyat xaricdəki vətəndaşlara təzyiqin qarşısını almaq və seçkilərin şəffaflığını təmin etmək üçün Rusiyanın seçkiləri pozmaq üçün yardımını əsirgəmədiyi siyasi qüvvələri dayandırmalıdır. Həmin qüvvələr seçki prosesindən çəkilməlidirlər.

Rusiya Ermənistanı “müvəqqəti itirilmiş ərazi” hesab edir və bu seçkilərdən həmin “itirilmiş əraziləri” geri qaytarmaq üçün fürsət kimi istifadə etməyə çalışır”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.