BAKI, 10 mart. TELEQRAF

“Kulevi dəniz limanında sanksiyalardan yayınma, qeyri-qanuni daşımalar və ya Avropa İttifaqının (Aİ) məhdudlaşdırıcı tədbirlərinin pozulması ilə bağlı təsdiqlənmiş hallar qeydə alınmayıb”.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri Maka Boçorişvilinin Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O Sallivana göndərdiyi məktubda bildirilib.

“Gürcüstan hökuməti heç vaxt bu barədə narahatlıq ifadə edən və ya hansısa uyğunsuzluğu göstərən rəsmi bildiriş almayıb. Həmçinin qeyd etmək vacibdir ki, Kulevi terminalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “Black Sea Terminal Ltd.” tərəfindən idarə olunur, Xəzər dənizi hövzəsi ölkələrinin enerji dəhlizində mühüm rol oynayır.

Bu terminal enerji marşrutlarının diversifikasiyasına kömək edir, Qara dəniz logistik sisteminin dayanıqlığını gücləndirir və daha geniş çərçivədə Orta Dəhlizi dəstəkləyir. Terminala qarşı hansısa məhdudlaşdırıcı tədbirlər yalnız Gürcüstan yox, həm də Azərbaycanın enerji ixrac infrastrukturu üçün ciddi təsir göstərə bilər, xüsusilə enerji diversifikasiyası Aİ üçün əsas strateji prioritet olaraq qalarkən”, - nazir qeyd edib.

Maka Boçorişvili əlavə edib ki, Gürcüstan nə sanksiyaya məruz qalan gəmilərə öz limanlarına daxil olmağa icazə verib, nə də icazə vermək niyyətindədir.

Devid O Sallivan da Gürcüstan xarici işlər naziri Maka Boçorişviliyə məktubunda məlumat verib ki, Aİ Kulevi neft terminalını Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil etməyib.