BAKI, 5 mart. TELEQRAF

“Katolikos II Qareginin qardaşı arxiyepiskop Yezras regionda mürəkkəb vəziyyətin hökm sürdüyü vaxtda Ermənistana zərbə vurmağa və burada “mina” yerləşdirməyə çalışır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədr müavini Arnold Bleyan deyib.

Bleyanın sözlərinə görə, bu şəxsın xristianlıq və dinlə heç bir əlaqəsi yoxdur: “O, adam öldürməyə xeyir-dua verir. Tam şəkildə Rusiyanın maraqlarına xidmət edirlər, bu da Ermənistanın maraqlarına ziddir. İndiyədək sülhün bərqərar olmasına xeyir-dua verməyiblər, amma Baqrat Qalstanyanın hərəkatına veriblər”.

Siyasətçi düşünür ki, II Qaregin parlament seçkilərində Samvel Karapetyanı dəstəkləyəcək: “Eçmiədzində kimin portreti asılıbsa, Qaregin onu dəstəkləyəcək. Şimal öz agentlərini növbə ilə qurban verəcək. Karapetyanların əsas mübarizəsi Rusiyadakı mülklərini qorumaqdır”.

Bleyan Ermənistan baş naziri postuna iddialı Samvel Karapetyanın Ermənistanın keçmiş prezidentləri ilə əlaqələrinə də diqqət çəkib:

“Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyana təşəkkür etmək istəyirəm. Karapetyan hər dəfə göstərməyə çalışır ki, onlarla əlaqəsi yoxdur, onlar isə hər dəfə göstərirlər ki, Karapetyanla əlaqələri var. Karapetyanın partiyasına bundan böyük zərbə ola bilməzdi”.

Qeyd edək ki, Yezras bundan əvvəl kim II Qaregini həbs etsə, erməni xalqının onu lənətləyəcəyini bəyan etmişdi.