BAKI, 4 mart. TELEQRAF
“Xəbərin əsas yayımçılarından biri Qərb dövlətləri və xüsusi xidmət orqanları ilə bağlılığı ilə tanınan “Azadlıq” radiosunun Ermənistan bölməsidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı operativ reaksiya qrupunun göndərilməsi üçün Avropa İttifaqına (Aİ) müraciəti barədə yayılan məlumatı şərh edərkən deyib.
“Ermənistan XİN rəhbərinin məktubunun necə onların əlinə keçdiyi anlaşılmazdır. Amma bəlkə də bu, elə ilk “hibrid hücum”dur. Ola bilsin, nəyisə sındırıb məktubu oğurlayıblar”, - o bildirib.
Məsələnin mahiyyətinə gəlincə, Zaxarovanın sözlərinə görə, Ermənistana sürətli reaksiya qrupunun göndərilməsi “Moldova ssenarisi”nin proyeksiyasıdır. O qeyd edib ki, Aİ ötən il Moldova hakimiyyətinə “Rusiyanın dezinformasiyasına qarşı mübarizə”də yardım göstərib.
Mariya Zaxarova iddia edib ki, Rusiyada həmin qrupun “demokratiyanın müdafiəsi” adı altında sosial şəbəkələrdə müəyyən kontentləri blokladığını görüblər. Onun fikrincə, belə bir qrupun fəal şəkildə cəlb olunması Ermənistanın həqiqi suverenliyini möhkəmləndirməyəcək, əks nəticə verəcək.
Zaxarova Ermənistan Ədliyyə Nazirliyinin bu qrupun fəaliyyətinin Rusiyaya qarşı yönəlməyəcəyi barədə şərhini də qeydə aldıqlarını bildirib.
Rusiya da Ermənistanın müraciəti olacağı təqdirdə ikitərəfli xətt üzrə oxşar funksiyalı qrup göndərməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. 2025-ci ilin dekabrında Aİ-nin ali nümayəndəsi Kaya Kallas söyləmişdi ki, Brüssel bir sıra proqramların, o cümlədən minatəmizləmə işləri və hibrid hücumlarla mübarizə çərçivəsində dəstəyin həyata keçirilməsi üçün Ermənistana 15 milyon avro ayıracaq.