BAKI, 3 mart. TELEQRAF
“Robert Köçəryan əvvəlcə “Ermənistan” fraksiyasına rəhbərlik edə bilsin. Açıq görünür ki, fraksiyaya o rəhbərlik etmir, “Daşnaksütyun” orada hakimiyyəti ələ keçirib, qalanlar sadəcə peykdir. Ümumiyyətlə, Köçəryan liderlik haqda danışmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Spiker qarşıdakı parlament seçkilərində Robert Köçəryanı ağır məğlubiyyətin gözlədiyini proqnozlaşdırıb.
“Köçəryanın narahat olduğu başqa mövzu da var: növbəti parlament seçkilərində keçid baryerini aşıb parlamentə düşəcək, yoxsa bütün resurslarını digər partiyalar ələ keçirəcək? Məndə olan məlumat budur ki, bu, onun üçün aktual məsələdir. 2021-ci ildə “Ermənistan” blokuna səs vermiş seçicilərin böyük hissəsi artıq Köçəryana səs verməyəcək. Bu seçicilərin böyük hissəsi səsini başqa müxalif partiyaya verəcək. Robert Köçəryan bundan yaxşı xəbərdardır”, - o qeyd edib.
Simonyan vurğulayıb ki, cəmi 2-3 müxalif qüvvə keçid baryerini aşa bilər:
“Bunu seçki kampaniyası göstərəcək. Biri Samvel Karapetyan, digəri Qaqik Sarukyan variantıdır. Hər ikisi müxalifətin birinci qüvvəsi olmaq üçün yarışacaq”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.