BAKI, 26 fevral. TELEQRAF
“Rusiya “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası ilə əlaqədar iki ölkənin liderlərinin əldə etdiyi bütün razılaşmaları həyata keçirmək üçün ardıcıl olaraq çalışır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya və Azərbaycan liderləri ötən il oktyabrın 9-da Düşənbədə keçirilən görüşdə təyyarə qəzasını ətraflı müzakirə ediblər. Rusiya tərəfi ətraflı izahatlar verib və biz əldə edilən bütün razılaşmaları həyata keçirmək üçün ardıcıl olaraq çalışırıq, bu barədə həm diplomatik, həm də hökumət kanalları vasitəsilə Azərbaycandan olan tərəfdaşlarımızı müntəzəm olaraq məlumatlandırırıq”, - o deyib.
Mariya Zaxarova vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli təmaslar davam edəcək: “Tərəflər təyyarə qəzası ilə bağlı bütün həll olunmamış məsələləri həll etməyi hədəfləyirlər”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fevralın 26-da bəyan edib ki, AZAL təyyarəsinin vurulması məsələsində rəsmi Bakının mövqeyi tamamilə qətiyyətli və birmənalıdır.
Nazirin sözlərinə görə, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya lideri tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir:
“Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Buna dair bütün tədbirlər görülməli, hüquqi qiymət verilməli, kompensasiyalar ödənilməlidir. Bizim gözləntilərimiz də məhz bunlardan ibarətdir”.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.