BAKI, 25 fevral. TELEQRAF

“Ermənistan xarici işlər naziri parlament seçkilərindən əvvəl Avropa İttifaqından hibrid sürətli reaksiya qrupu göndərməsini istəyib. Görünən budur ki, Ermənistanda seçkilər ərəfəsində Moldova ssenarisini təkrarlamaq üçün hazırlıq gedir”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev “Sputnik Ermənistan”a deyib.

“Sandu rejimi ilə Paşinyan hökuməti arasında təkcə xarici işlər nazirləri səviyyəsində deyil, həm də görünür, kəşfiyyat xidmətləri vasitəsilə sıx əlaqələr mövcuddur”, - o bildirib.

Areşevin fikrincə, söhbət seçkilər zamanı Baş nazir Nikol Paşinyan və komandasının qalib gəlməsini təmin etməkdən gedir ki, bu da geosiyasi xarakter daşıyır.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. 2025-ci ilin dekabrında Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Brüsselin Ermənistana minatəmizləmə, eləcə də hibrid hücumlarla mübarizə üçün dəstək də daxil olmaqla, bir sıra proqramlar üçün 15 milyon avro ayıracağını açıqlamışdı. Kallas İrəvanın Moskvanın seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Brüsseldən kömək istədiyini də bəyan etmişdi.

“Azatutyun”un fevralın 24-də yaydığı məlumata görə, Avropa İttifaqı Rusiyanın müdaxiləsindən yayınmaq üçün parlament seçkilərində Ermənistana kömək etməyə hazırlaşır. Bunun üçün əvvəlcə Kremlin dezinformasiyasına qarşı hibrid sürətli reaksiya qrupu göndəriləcək, daha sonra isə Ermənistanda daimi mülki missiya həyata keçirilə bilər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də Brüsselə məktub göndərərək, hibrid təhlükələrə qarşı sürətli reaksiya qrupunun göndərilməsini tələb edib. Eyni tipli, təxminən 20 nəfərlik qrup keçən il parlament seçkilərində Moldovaya göndərilmiş və sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın vaxtında aşkarlanması və qarşısının alınmasına kömək etmişdi.