BAKI, 20 fevral. TELEQRAF
“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının ilk iclası keçirildi. Sülh Şurası yanvarda Davos İqtisadi Forumu çərçivəsində təsis olunub. Toplantıya dəvət olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də vardı”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə səbəbi var:
“Birincisi, Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri qurub. Ötən ilin avqustunda Ağ Evdə Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyanın iştirakıyla sülh sammiti keçirildi, bu çərçivədə sülh sazişi paraflandı. Bu ilin fevralında isə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Belə olan halda Azərbaycan Donald Trampın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi.

Digər yandan, Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının Sülh Şurasına üzvlüyü də rəsmi Bakının qərarına təsir edən amillərdən biridir. Başqa bir səbəb Sülh Şurasında Ermənistanın iştirakıdır. Ermənistan Trampın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Bakının Vaşinqtona mənfi cavab vermək kimi seçimi yox idi.
İkincisi, Donald Tramp ötən ilin oktyabrında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp Azərbaycanın da Yaxın Şərqdə sülh prosesində iştirakını istədi. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz Qəzzanın yenidən qurulması prosesində iştirakdan imtina etmədi. Bunun üçün Sülh Şurasının üzvü olmaq lazım idi. Çünki yenidənqurma prosesinə ABŞ nəzarət edəcək”.
Elxan Şahinoğlu xatırladıb ki, Tramp onun dəvətini qəbul etməyərək Sülh Şurasında yer almayan ölkələrin Qəzzanın yenidən qurulması prosesində iştirak etməyəcəyini bildirib:
“Azərbaycanın İsraillə yanaşı, Fələstinlə də diplomatik münasibətləri mövcuddur və Bakı Yaxın Şərq siyasətində bu balansı qorumaq üçün Qəzzanın yenidən qurulması prosesində iştirakı labüd hesab edib. Azərbaycanın bu prosesə bəlli həcmdə maliyyə ayırması da istisna deyil.
Üçüncüsü, Donald Tramp Sülh Şurasının Qəzza ilə kifayətlənməsini istəmir. O və administrasiyası Sülh Şurasını gələcəkdə güclü təşkilata çevirmək istəyir. Azərbaycan superdövlət statusuna malik olan ABŞ-nin dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qalmamalıdır”.