BAKI, 13 fevral. TELEQRAF
Ermənistan hökuməti dəmir yolunun Yerasx və Axurik hissələrinin bərpası ilə bağlı Rusiya ilə işləri davam etdirir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan sözügedən iki dəmir yolu hissəsinin təmirinin Rusiya tərəfi tərəfindən həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Ən azı bu iki hissə üzrə Rusiya tərəfi ilə müəyyən anlaşmamız var və konkret razılaşmaya gələ bilərik. Düşünürəm ki, yaxın günlərdə bunun cavabını alacağıq. Əgər bunu daha yaxşı şəkildə həyata keçirə biləcəklərsə, bu yolla davam edəcəyik. Hansısa məsələlər maneə yaratsa – fikrimcə, azı Yerasx və Axurik hissələri üzrə maneə yarada biləcək problemlər olmamalıdır - belə hallar baş versə, Ermənistan hökuməti özü həmin sahələrdə dəmir yolunu bərpa edəcək. Çünki bu, blokadanın aradan qaldırılması məntiqinin vacib istiqamətlərindən biridir”, - nazir qeyd edib.
Rusiyanın razı olub-olmayacağı ilə bağlı suala Xudatyan belə cavab verib:
“Əgər dediyim birinci variant üzrə olsa, bəli. İş prosesindən gəldiyim qənaət budur ki, razılığa gəlməyə yaxınıq”.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan öncə açıqlamışdı ki, İrəvan ölkəni Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yolunun İcevan və Axurik hissələrinin bərpası üçün Rusiya ilə danışıqlar aparır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk fevralın 12-də məlumatı təsdiqləyib.