BAKI, 3 fevral. TELEQRAF

“Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarının - xəttin İcevan və Axurik hissələrinin bərpası üçün Rusiya ilə danışıqlar aparırıq”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

Nazirin fikrincə, qeyd olunan ərazilərdə işlər Rusiya tərəfindən aparılmalıdır:

“Hələlik heç bir dəyişiklik yoxdur. Bu barədə yekun qərarın olacağını gözləyirik, amma hazırda hələlik qərar yoxdur”.

Ermənistan Baş naziri Nikol Paşinyan da bundan əvvəl məsələ ilə əlaqədar açıqlama vermişdi:

“Rusiyalı tərəfdaşlarımızdan xahiş etmişəm ki, Yerasxdan Naxçıvan sərhədinədək və Axurik hissəsindən Türkiyə sərhədinədək dəmir yolunun tam bərpası ilə təcili məşğul olsunlar. Düşünürəm ki, yaxın vaxtlarda İcevan-Qazax istiqaməti ilə bağlı məsələni də qaldıracağam, çünki onun da mümkün qədər tez bərpası imkanı var. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız bu xahişi maksimal sürətlə reallaşdıracaqlar”.