BAKI, 29 yanvar. TELEQRAF

"Tramp marşrutu" genişmiqyaslı investisiya proqramıdır və bu layihə Ermənistan üçün yüz milyonlarla dollar həcmində sərmayənin cəlb olunmasını nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, proqram eyni zamanda ölkə üçün mühüm təhlükəsizlik zəmanətləri də yaradacaq.

N. Paşinyan ABŞ-nin layihədə iqtisadi maraqlarının olmadığına dair səsləndirilən fikirlərə də münasibət bildirib. O qeyd edib ki, tamamilə iqtisadi məntiq üzərində qurulan ABŞ kimi bir dövlətin iqtisadi maraqlardan kənarda qalması mümkün deyil:

"ABŞ kimi iqtisadi məntiqə əsaslanan bir ölkənin maraqları olmaya bilərmi? Prezident Donald Trampın siyasətini izləmirsinizmi? Onun bütün qərarları iqtisadi əsaslara söykənir. İqtisadi inkişaf, rifah və bunun üçün zəruri olan təhlükəsizlik Tramp üçün əsas prioritetdir. Bu yanaşma öz ölkəsinin maraqlarını rəhbər tutan bütün dövlət başçıları üçün keçərlidir".