BAKI, 21 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan gələcək parlamentin sədri vəzifəsini ABŞ-dəki keçmiş səfir Lilit Makuntsun icra etməsini istəyir.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilir ki, bunun üçün o, seçki siyahısını təsdiqləmək üçün partiyadaxili səsvermə zamanı Lilit Makuntsun yetərli səs toplamasını istəyir.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası fevralın 15-də seçki siyahısını təsdiqləmək üçün konqres keçirəcək. Partiyanın 1000 nümayəndəsi artıq təsdiqlənmiş 280 nəfərlik seçki siyahısından ilk 50 namizədi seçəcək.

Qəzet qeyd edir ki, Nikol Paşinyan “konqresin demokratik mahiyyəti”ni nümayiş etdirməlidir, ona görə də səsverməni iki mərhələdə keçirmək niyyətindədir. Birincisində nümayəndələr 50 nəfəri seçəcəklər, ikinci mərhələdə namizədlərin sırası müəyyənləşdiriləcək.

Baş nazir Makunts üçün yüksək yer təmin etmək niyyətindədir. Məlumata görə, Nikol Paşinyan parlamentin hazırkı sədri Alen Simonyanı iyunda keçiriləcək parlament seçkilərindən sonra spiker postunda görmək istəmir.