BAKI, 20 yanvar. TELEQRAF

“Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü riskə atacaq istənilən addımın ciddi sosial-iqtisadi nəticələri olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın müxalif “Öz Yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan deyib.

O xatırladıb ki, Ermənistanın xarici əlaqələrinin təxminən 70 faizi AİB əlaqələri ilədir, iştirak şərtlərinin yenidən nəzərdən keçirilməsi və ya birlikdən çıxmaq riski yüz minlərlə ailənin vəziyyətini pisləşdirə bilər. Karapetyan qeyd edib ki, ölkənin əsas kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsi məhz bu bazara yönəlib.

Söhbət Ermənistanın AİB-dən çıxaraq Avropa İttifaqına üzv olmasından gedir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yanvarın 20-da bunun mümkün nəticələri barədə Ermənistana xəbərdarlıq edib.