BAKI, 16 yanvar. TELEQRAF
“Rusiya Xarici İşlər Nazirliyinin “qırmızı kalina”sının (Mariya Zaxarova) Solovyovun Ermənistana qarşı “xüsusi hərbi əməliyyat”a başlamaq barədə sözünü “jurnalistin şəxsi rəyi” kimi qiymətləndirməsini bir neçə yerli media qurumu tirajlayıb”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vahram Atanesyan deyib.
“İndiyə qədər kim görüb ki, bir ölkənin Xarici İşlər Nazirliyi “müstəqil jurnalist”in sözünü şərh etsin? İkincisi, niyə solovyovlar, kiselyovlar və digər “müstəqil jurnalistlər” Kremlin ideoloji çərçivəsindən kənar fikir söyləmirlər?
Niyə Putinin militarizmi və revanşizmini tənqid edən rus bloqerlər dərhal “xarici agent” kimi tanınır və cinayət təqibinə məruz qalır, amma Solovyov dövlət mükafatları alır? Elə “müstəqil”dirsə, gedib öz ağlı ilə başına çarə tapsın”, - ekspert qeyd edib.
Kremlin təbliğatçısı Vladimir Solovyov bundan əvvəl bildirmişdi ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir.
Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Vladimir Solovyovun açıqlamasına verdiyi şərh Ermənistanda etirazla qarşılanıb.