BAKI, 15 yanvar. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyadan Ermənistan ərazisində Azərbaycan və Türkiyə ilə sərhədlərə qədər dəmir yolunun bərpası ilə bağlı qərarın mümkün qədər tez qəbul edilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Bəli, bu məsələ müzakirə olunub. Bu mövzunu Rusiya Prezidenti (Vladimir Putin) ilə də müzakirə etmişəm, Ermənistanın baş nazir müavininin də rusiyalı həmkarı ilə bu barədə danışmaq imkanı olub. Rusiyadakı tərəfdaşlarımızdan cavab gözləyirik”, - o deyib.
Nikol Paşinyan qeyd edib ki, yanvarın 13-də ABŞ və Ermənistan arasında TRIPP layihəsinin icrası ilə bağlı bəyanat imzalandıqdan sonra dəmir yolu xətlərinin bərpası üçün uyğun vaxt artıq yaxın dövrdür:
“Hazırda proses gedir, bu barədə məlumatlandırılacaqsınız. Bu proses onu nəzərdə tutur ki, işlər mümkün qədər tez həyata keçirilsin. Rusiyalı tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etməyi xahiş edirik”.
Xatırladaq ki, Ermənistan dəmir yolları şəbəkəsi Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur.