BAKI, 13 yanvar. TELEQRAF

“Gürcüstanın öz Trampına ehtiyacı var, yalnız bu halda bank sahiblərinin cinayətkar şəbəkəsini məhv etmək mümkün olacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

Saakaşvilinin sözlərinə görə, o, təkcə Moskva və hakim “Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvili yox, həm də bu şəbəkənin əsiridir:

“Donald Tramp Amerika banklarının kredit kartları üzrə gəlir əldə etməsini 10 faizlik yuxarı hədlə məhdudlaşdırdı. Gürcüstanı isə xalqın hesabına banklara daha çox qazandıran quldur bankir idarə edir. Gürcüstanın öz Trampına ehtiyacı var, məhz bu yolla biz də bank sahiblərinin cinayətkar şəbəkəsini uğurla məhv edə bilərik. Bu cinayətkarlar elə buna görə məndən bu qədər çox qorxurlar. Mən təkcə Moskva və İvanişvilinin yox, həm də ruxadzelər, çxartişvililər, gilaurilər və bu şəbəkənin bütün digər subyektlərinin əsiriyəm”.