BAKI, 8 yanvar. TELEQRAF

“Ermənistan hökuməti daxilində katolikos II Qareginin vəzifəsindən kənarlaşdırılması gündəliyinə qarşı çıxan yoxdur, kilsə daxilində isə bunu dəstəkləyən ruhanilər var”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Robert Gevondyan deyib.

Ekspertin fikrincə, bu, kilsə elitasının qalib gəlmək şansının daha az olması deməkdir, hökumət əlverişli mövqedədir:

“Çox güman ki, katolikos parlament seçkiləri nəticəsində Ermənistanda siyasi reallıqların dəyişəcəyinə ümid edir, buna xilas yolu kimi baxır. Amma prosesin seçkilərə qədər uzanması çox az ehtimal olunur. II Qareginin tərəfdarlarının sayı addım-addım azalır”.

Robert Gevondyan qeyd edib ki, müxalifət də vəziyyətdən istifadə etməyə və II Qaregini “xalq sizinlədir” sözü ilə şirnikləndirməyə çalışır:

“Əgər II Qaregin baxışlarını dəyişərsə, müxalifətin əhval-ruhiyyəsi də dəyişəcək, onu tənqid etməyə başlayacaqlar”.

Ekspert əlavə edib ki, erməni kilsəsinin rəhbərliyi siyasətə qarışmaqla Konstitusiyanı pozub, buna görə də hökumətin bu addımları gözlənilən idi.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyun ayında keçiriləcək.