BAKI, 6 yanvar. TELEQRAF
“Bəziləri erməni kilsəsindən Ermənistana qarşı fəaliyyətlər üçün dayaq nöqtəsi kimi istifadə etməyə çalışırlar”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Biz buna imkan verməyəcəyik. Bu gün kilsənin faktiki rəhbəri (II Qaregin) və ali dairələri sektantlıq məntiqi ilə hərəkət edirlər. Kilsəni parçalanmadan azad etməli, onu xalqa qaytarmalıyıq”, - baş nazir bildirib.
Paşinyan kilsədə islahat proqramına toxunaraq qeyd edib ki, bu cür təkliflə çıxış edən 10 yepiskopu qorumaq və dəstəkləmək lazımdır:
“Onlara dəstək olmalıyıq, çünki bu çətin anda onlar öz xalq və dövlətlərinə dayaq olublar. Kilsə islahatının heç bir tərəfdarı özünü müqəddəsləşdirmir. Əksinə, həmin mətndə aydın şəkildə bəyan edilir ki, hər birimiz öz günah və məsuliyyətimizi qəbul etmişik”.
Baş nazirin fikrincə, onlar uzun müddət kobud səhvə yol veriblər, kilsəni uzun zaman onu parçalayanlarla tək buraxıblar.
Nikol Paşinyan kilsələrdə ayinlər zamanı II Qareginin adının çəkilməməsinə çağırıb: “Bu, İsa Məsihin adı ilə, xalq tərəfindən, milli kilsə şurası vasitəsilə seçilmiş və öz çağırışı, həyat tərzi, dünyagörüşü və ruhunun məzmunu baxımından legitim katolikos olana qədər edilməlidir”.
Ermənistan Baş naziri xalqı ayinlərdə iştirak etməyə, ruhaniləri isə kilsə islahatları gündəliyinə qoşulmağa çağırıb.