BAKI, 27 dekabr. TELEQRAF
“Niyə Putin birdən-birə on yaşlı tacik uşağın öldürülməsinə görə üzr istədi, eyni vaxtda AZAL təyyarəsinə qarşı terror aktının istintaqını dayandırdı? Bəli, məhz Putin dayandırdı, Bastrıkin yox. Belə məsələlər Putinsiz həll olunmur”.
Teleqraf xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.
Ekspert baş verənlərin mümkün səbəblərinə diqqət çəkib:
“Uşağın qatili tutulub. Əlbəttə, heç kim düşünmür ki, 15 yaşlı yeniyetməyə günahsız uşağı öldürməyi Putin əmr edib. Rusiyanın belə bir ölkə olması isə Putinin günahı deyil, sadəcə tarixi inkişaf belə gətirib. Amma AZAL təyyarəsinə qarşı terror aktının istintaqı davam etsəydi, araşdırma Putinə çıxmasa da, qaçılmaz şəkildə ona yaxın olan insanlara çıxacaqdı. Bu birincisi.
Əlbəttə, uşağın öldürülməsi işi ilə təyyarəyə qarşı terror aktını müqayisə etmək mümkün deyil. Amma bu, yalnız ilk baxışdır. Terror aktının səbəbi həm Kremlin daxilindəki mübarizə, həm də Bakının resurslarını sınağa çəkmək niyyəti ola bilərdi. Uşağın Moskvaya yaxın məktəbdə öldürülməsi isə Kremlin uzun illər davam edən nifrət siyasətinin nəticəsidir, burda falçılıq eləməyə ehtiyac yoxdur.
Beləliklə, Emoməli Rəhmonun reaksiyası İlham Əliyevin reaksiyası ilə müqayisə oluna bilərdi, amma Azərbaycandan fərqli olaraq Tacikistandan belə bir reaksiya olmadı.
Putinin tacik uşağın ölümünə görə üzr istəməsi isə açıq şəkildə göstərdi ki, kim Rusiyanın siyasətinə “anlayışla” yanaşırsa, üzr alır. Kim yanaşmırsa, milli aviaşirkətinin təyyarəsi ilə əlaqəli açılmış cinayət işinin bağlanması halı ilə qarşılaşır, halbuki hadisə zamanı 38 nəfər həlak olub. Bu ikincisi.
Putin əslində Qroznı üzərindəki terror aktı üçün də üzr istəyib. Amma Putinin “məntiqinə” görə, Əliyev özünü sərt aparır. Bu isə onu əsəbiləşdirir. Ona əsəbiləşmək üçün yetərincə səbəb var, gələn il daha çox olacaq. Rusiya Prezidentinin tərəfdarlarına tövsiyə edərdim ki, rahatlaşın və zövq alın. Hələ buna imkan var. Bu üçüncüsü”.