BAKI, 26 dekabr. TELEQRAF

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın partiyası Erməni Milli Konqresi 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın sədr müavini Aram Manukyan məlumat verib.

O bildirib ki, Milli Konqresin seçki siyahısına partiyanın sədr müavini Levon Zurabyan rəhbərlik edəcək. Yəni Zurabyan partiyanın baş nazirliyə namizədidir.

Manukyan bütün bunların əvvəlcədən partiya lideri Levon Ter-Petrosyanla müzakirə edildiyini və razılaşdırıldığını açıqlayıb. Qərar partiyanın İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edilib.

Xatırladaq ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi hazırkı hökumət başçısı Nikol Paşinyandır.